Mayın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən üzv şirkətlər üçün növbəti AHK İmpuls tədbiri təşkil edilib.
"Fins.az" xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Məlumata görə tədbirin fəxri qonağı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda çıxış edib.
Azərbaycanın vergi sistemi, aparılan islahatlar, milli vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi mövzusuna həsr olunmuş tədbirdə açılış nitqi ilə çıxış edən AHK Azərbaycanın İdarə Heyətinin sədri Fərid İsayev görüşdə iştirak edən qonaqları, o cümlədən diplomatik missiya nümayəndələrini salamlayaraq dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında işgüzar dairələrlə dövlət qurumları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.
DVX rəisi O.Nəzərli son illərdə vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər barədə danışıb. O.Nəzərli Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, DVX-nin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.
DVX rəhbərliyinin sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu vurğulayan O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.
AHK Azərbaycanın icraçı direktoru Tobias Baumannın moderatorluğu ilə keçirilən tədbirdə DVX rəisi Palata üzvlərinin suallarını cavablandırıb və özəl sektor nümayəndələri ilə yaradılan birbaşa dialoq imkanı üçün təşkilatçılara minnətdarlığını ifadə edib. Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.
Müəllif: Aynur Qəniyeva