“Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarla bağlı açıqlama verib.
“Fins.az” xəbər verir ki, açıqlamada deyilir:
““Araz Supermarket” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qaldırılmış işə dair qəbul edilən qərarla tanış olduq. “Araz Supermarket” MMC olaraq, qərara dair açıqlamada bunları bildiririk:
Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilib. Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər “Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürdük.
Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik. Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə edəcəyik.
“Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq.
“Araz Supermarket” şəbəkəsi dövlət orqanları, qeyri-hökumət təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün qədər operativ və dolğun şəkildə cavablandırmağa çalışır.
“Araz Supermarket” şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir. Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif edə bilirik.
11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edirik.
“Araz Supermarket” şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər yaradan fəaliyyətimizin bariz nümunəsidir”.