BİZNES

25 Aprel

Orxan Məmmədov: Yeni sosial-iqtisadi inkişaf strategiyası bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq

Əminliklə söyləmək olar ki, 2022-2026-cı illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf strategiyası post-pandemiya dövrü üçün bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaqdır.

"Fins.az " xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "İqtisadiyyatın inkişafı sahibkarlığın rolu" konfransında çıxış edərkən deyib.

O bildirib ki, şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu.

Orxan Məmmədov Qarabağın azad olunmasından sonra sahibkarlıq subyektlərinin layihələrinin inkişafına da toxunaraq "Hamımız üçün bəllidir ki, Qarabağ ərazisi zəngin təbii və faydalı resurslara malik bir yerdir. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bu günədək KOBİA-ya təqribən 1100-ə yaxın müraciət daxil olub ki, onların 390-a yaxını xarici şirkətlərdən olan müraciətlərdir."-deyə qeyd edib.