BİZNES

21 Aprel

AzerTelecom və Sparkle “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq edəcək

İtaliyanın ilk beynəlxalq xidmət provayderi və dünyanın aparıcı operatorlarından biri olan Sparkle şirkəti ilə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatoru AzerTelecom şirkəti arasında Azərbaycan vasitəsilə Avropa və Asiyanı birləşdirən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədini daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

2020-ci ildə “Global Strategic Infrastructure Leadership Forum”-u çərçivəsində Asiyanın ən yaxşı beş strateji infrastruktur layihəsindən biri seçilən “Rəqəmsal İpək Yolu” layihəsi NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom şirkəti tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafı, eləcə də ölkəni regionun rəqəmsal mərkəzinə çevirməkdir.

“Capacity Middle East 2022” qlobal telekommunikasiya tədbiri zamanı imzalanmış sənəd çərçivəsində, tərəflər yeni biznes imkanlarını qiymətləndirmək, Mərkəzi Asiya ilə Avropa arasında yeni iki tərəfi ötürmə qabiliyyətli dəhlizin birgə yaradılması və idarəedilməsi imkanlarını araşdırmaq, eləcə də Sparkle şirkətinin Türkiyədən İtaliyaya və bütün əsas Avropa mərkəzlərinə qədər uzanan mövcud magistral infrastrukturundan istifadə barədə razılığa gəliblər.

“Rəqəmsal İpək Yolu layihəsi telekommunikasiya sahəsində regional əməkdaşlıq üçün yeni imkanlar açır. Layihə Avropa və Asiya arasında ən qısa olacaq yeni rəqəmsal marşrut yaratmağa imkan verir. İnanırıq ki, yeni marşruta böyük maraq göstərən Sparkle şirkəti ilə əməkdaşlığımız şirkətlərimiz üçün faydalı olacaq və regionda rəqəmsallaşmanın sürətləndirilməsinə kömək edəcək”, - deyə AzerTelecom şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev bildirib.

“Operatorlar arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi sənaye kontekstində biz qlobal rəqəmsal rabitədə dayanıqlılıq və təhlükəsizliyə artan ehtiyaca cavab verərək performansı yaxşılaşdırmaqla yanaşı, mövcud olan marşrutlara şaxələndirmə əlavə edən Avropa və Asiya arasında bu yeni marşrutda AzerTelecom ilə “Rəqəmsal İpək Yolu” layihəsinə qoşulmaqdan çox məmnunuq”, – deyə Sparkle şirkətinin Baş icraçı direktoru Elisabetta Romano bildirib.