BİZNES

15 Aprel

Kaspersky məlumatların təhlükəsiz ötürülməsi üzrə blokçeyn texnologiyası üçün Amerikan patenti əldə edib 

Kaspersky məlumatların idarəetmə prosesini asanlaşdıran və onların qanuni ötürülməsi və emalına kömək edən blokçeyn texnologiyası üçün ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsində patent əldə edib.

"Fins.az"xəbər verir ki,bu texnologiya həm də məlumatların ötürülməsinə cəlb olunmuş tərəflərin autentifikasiya məsələsini həll edir və göndərilən məlumatın gizliliyini təmin edir.

Sorğuların nəticələrinə görə, şirkətlərin 70%-i 2021-ci ilədək toplanan məlumatların həcmini artırıb, bununla belə, şirkətlərin 53%-i dövlət tərəfindən müəyyən edilmiş normalara ciddi riayət etdiklərinə dair zəmanət vermir. Məlumatların müdafiəsi sahəsinə aid qanunvericilik şəxsi məlumatlarla işləyən şirkətlərin üzərinə daha çox öhdəlik qoyur. Bu, normativ tələblərin icrasını asanlaşdıran müasir məlumat idarəetməsi texnologiyalarına tələb yaradır.

Patentə "İstifadəçi məlumatlarının bölüşdürülmüş reyestrin istifadəsi ilə etibar edilmiş tərəf tərəfindən üçüncü tərəfə göndərilməsi sistemləri və metodları"* adı verilib. Burada söhbət şəxsi məlumatların qanunsuz ötürülmə və emala qarşı qorunmasından gedir. Həmin sistem və metodlar şirkətlərə qanunvericiliyin normalarına uyğun işləməyə kömək edir. Texnologiya, müştəri risklərini azaldan və maliyyə əməliyyatlarını izləyən Know Your Customer (KYC) və Client Due Diligence (CDD) proseslərinə əməl etmək öhdəliyi daşıyan xidmət təminatçıları üçün xüsusi dəyər kəsb edir. Şirkətlər bu proseslərin legitimliyi ilə bağlı problem yarandıqda, subyektlərin şəxsi məlumatlarının ötürülməsi və emalına razılığını təsdiqləmək üçün blokçeyn texnologiyasındakı əməliyyat qeydlərinə istinad edə bilirlər.

Məlumatlara nəzarət məlumatların yönləndirilməsi zamanı tərəflərin qarşılıqlı fəaliyyətinin hər mərhələsini qeydə alan bölüşdürülmüş reyestr (distributed registry) sayəsində mümkün olur. Patentləşdirilmiş metodlar jurnalda yalnız şəxsi məlumatların ötürülməsi faktları və subyektlərin bu prosesə razılığına dair məlumatların olduğuna zəmanət verir. Bütün qeydlər unikal, patentləşdirilmiş qaydada "duzlanmış"**, imzalanmış və şifrələnmiş heş formatında saxlanır. Bu cür yanaşma məlumatların sızması və idarəolunmaz göndərişini önləməyə imkan verir, çünki reyestrdəki qeydlərdən yalnız birbaşa iştirakçıların - göndərən, alan və məlumat sahibinin istifadəsinə icazə verilir.

"Şirkətimiz məlumatların idarəedilməsi metodlarının təkmilləşdirilməsində hər kəsdən çox maraqlıdır. Kaspersky tərəfindən hazırlanan texnologiya informasiya ötürülməsi faktını təsdiqləməyə və bunu təhlükəsiz şəkildə yerinə yetirməyə imkan verir: məlumatların özü blokçeyndə saxlanılmır. Bu metod malları müşayiət edən məlumatların mübadiləsi və ya əməkdaşın elektron imza vasitəsilə sənədi imzalamaq səlahiyyətinin təsdiqlənməsi zamanı faydalı ola bilər", - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib.

Kaspersky-nin texnologiyaları haqqında daha çox məlumatı buradan əldə edə bilərsiniz: //www.kaspersky.ru/enterprise-security/wiki-section/home.

* Patentin adı ingilis dilində "Systems and methods for sending user data from a trusted party to a third party using a distributed registry" kimi qeyd olunur.

** Kriptoqrafiyada şifrəni "duzlamaq" ifadəsi istifadə edilir (ingiliscə “to salt” felindən). Bu, heş dəyərlər hesablanan zaman giriş məlumatlarına "duz" anlamına gələn bir neçə təsadüfi simvol zolağının əlavə edilməsi prosesidir. Belə olan halda, yekun anlamlar heş dəyərlərin açıq lüğətləri ilə üst-üstə düşməyəcək. "Duzlamağı" bilmək adlandırma üçün yeni lüğətlərin yaradılmasına imkan verir, ona görə də onun mənası gizlin saxlanılmalıdır.