BİZNES

18 Aprel

KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Fins.az" xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İordaniyanın Sənaye Palatasının sədri Fathi Al-Jagber arasında keçirilmiş görüşdə isə ticarət əlaqələrinə və bu istiqamətdə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Palatanın rəhbərliyi və İordaniya iş adamları Azərbaycana səfərə dəvət olunub.

Görüş çərçivəsində Orxan Məmmədov və Fathi Al-Jagber əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladılar. Sənəd sahibkarlıq sahəsində məlumat və təcrübə mübadiləsi, iş adamları arasında əlaqələrin təşviqi, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələləri əhatə edir.

Həmin gün Əmman şəhərində İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İordaniya İş Adamları Assosiasiyası tərəfindən birgə təşkil olunub.

Forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, turizm, otelçilik, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. İordaniya tərəfi də biznes forumda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, KOBİA-nın dəstək mexanizmləri barədə tədbir təşkilatçılarına məlumat verib. İordaniyanın investisiya naziri Kheiry Amr, İordaniya İş Adamları Assosiasiyasının sədri Hamdi Tabbaa, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov və İordaniyanın ölkəmizdəki səfiri Sami Asem Ğoşeh müvafiq olaraq ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə, biznes və investisiya potensialına, birgə əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini bölüşüblər.

Tədbirdə Azərbaycanda biznesi dəstəkləyən qurumların – KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyasının rəhbərləri və digər iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanda biznes imkanları, iş adamlarının şəbəkələşməsi barədə təqdimatlarla çıxış ediblər.

İordaniyanın İnvestisiya Nazirliyi, Sosial İnvestisiyaların Müdafiəsi Fondu, İordaniyanın Azad İnkişaf Zonaları Qrupu tərəfindən bu ölkənin biznes imkanları, əməkdaşlıq üçün sektorlar, Azərbaycan sahibkarları ilə birgə layihələrin icrası barədə məlumat verilib.

Forum çərçivəsində KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.