BİZNES

18 Aprel

İordaniyanın investisiya nazirindən Azərbacanla gələcək birgə təşəbbüslərə dəstəklə bağlı AÇIQLAMA

İordaniyaya səfər çərçivəsində aprelin 17-də Əmmanda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin investisiya naziri Khairy Amr ilə görüşüb.

"Fins.az"xəbər verir ki, görüşdə Orxan Məmmədov KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin səfər proqramı barədə məlumat verərək ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafının vacib istiqamətlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik biznes və investisiya təşəbbüsləri ilə bağlı məlumat mübadiləsinə dair birgə əməkdaşlıq platformalarına, İordaniya iş adamlarının Azərbaycana işgüzar missiyasının təşkilinə və ölkəmizdə keçiriləcək sərgilərdə iştirakına dəstək göstərməyə hazırdır. Potensial investisiya layihələrinin mübadiləsi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsində də KOBİA İordaniyanın müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır.

İordaniyanın investisiya naziri Khairy Amr Azərbaycanın biznesə dəstək göstərən qurumlarının nümayəndələrindən və iş adamlarından ibarət nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, gələcək birgə təşəbbüslərə dəstək verəcəyini bildirib.