Xəbər verdiyimiz kimi, Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
"Fins.az" xəbər verir ki, müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır: “Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat naziri məlumat versin”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu istiqamətdə Sizin müvafiq tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq. Bu fəaliyyət üç istiqamətdən ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.
Nəhayət, üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.
Möhtərəm cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr əldə olunubdur.
Müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq.
Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk.
İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim.
Prezident İlham Əliyev: Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir. Ərzaq təminatı ilə bağlı sənin bir sözün var?
Baş nazir Əli Əsədov: İnflyasiyanı iki hissəyə bölmək olar. Yəni, söylədiyiniz 18 faiz ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var. İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında “zavod çörəyi” deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir. Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə qeyd edim.
Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı. İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş gedir.
Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var.
Prezident İlham Əliyev: Aydındır. Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır.