Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq üzrə alt işçi qrupunun Bakıda görüşü keçirilib.
"Fins.az" xəbər verir ki,görüşdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyə tərəfindən isə toplantıda Fərdi Məlumatların Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilir və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin nümayəndələri iştirak ediblər.
Görüşdə fərdi məlumatların mühafizəsi və bu sahədə iki ölkənin milli qanunvericiliyinin uyğunlaşdırılması mövzuları üzrə təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev çıxışında ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin əsas prinsipləri, bu sahədə aparılan hüquqi islahatlar, o cümlədən Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə planlaşdırdığı layihələr barədə məlumat verib. Ş.Əliyev fərdi məlumatların mühafizəsi sahəsində iki ölkə arasında görüləcək işlərin mövcud əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.