Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının auksion vasitəsi ilə satışı həyata keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun həyata keçiriləcək.
Kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.
Məlumat üçün bildirək ki, Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hündür duruşludur. Qarabağ atı dözümlüdür və yemə qarşı tələbkar deyil.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu müasir kompleks heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.
Hərracda iştirak etmək istəyənlər 1659 satış mərkəzinə müraciət edib qeydiyyatdan keçə bilərlər.