BİZNES

05 Aprel

"Niyə azərbaycanlılar gedib Gürcüstana, Rusiyaya, Türkiyəyə investisiya yatırır?”

“Hökumət üzvləri hər dəfə Azərbaycanda biznes mühitinin çox yaxşı olduğunu bildirir. Amma doğrudan da biznes mühiti yaxşıdırsa, niyə azərbaycanlılar gedib, Gürcüstana, Qazaxıstana, Özbəkistana, Rusiyaya, Türkiyəyə investisiya yatırır ancaq bir gürcü, özbək, qazax ölkəmizə investisiya qoymur? Bu məsələ araşdırılmalıdır” .

“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev yeni hazırlanan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Mübahisələrin həlli ilə bağlı qanun layihəsində qeyd olunur ki, Azərbaycanda bu cür investisiya fəaliyyəti ilə bağlı mübahisələr yarananda, onlar Azərbaycan məhkəmələri ilə həll olunur. Açıq deyək ki, bizim məhkəmələrə etimad və inam o qədər də yüksək deyil”.

 

O, qeyd edib ki, əgər investisiya müqaviləsində tərəflərdən biri xarici investordursa və bağlanan müqavilədə göstərilərsə, ona birbaşa beynəlxalq arbitraj məhkəməsinə müraciət hüquqi verilməlidir.