NEQSOL Holding-in təşəbbüsü ilə AzerTelecom şirkəti tərəfindən həyata keçirilən, Avropa və Asiyanı birləşdirəcək telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) infrastruktur layihəsi Birləşmiş Ərəb Əmirliklərində “Dubay Expo 2020” çərçivəsində Azərbaycan Pavilyonunda təqdim edilib.
NEQSOL Holding və AzerTelecom tərəfindən təşkil edilən “Rəqəmsal İpək Yolu - Sərhədləri Aşan Bağlantı” (Digital Silk Way - Connectivity Beyond Borders) adlı tədbirdə Avropa və Asiya ölkələrinin tanınmış telekommunikasiya şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib. Tədbirdə Avropa və Asiya arasında “Rəqəmsal İpək Yolu” dəhlizinin formalaşdırılması, Qafqaz, Mərkəzi və Cənubi Asiya regionlarında bağlantı xidmətlərinə artan ehtiyac, mövcud və gələcək imkanlar barədə geniş təqdimat keçirilib. Layihəni təşkil edən əsas komponentlər, həmçinin Xəzər dənizinin dibi ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında sualtı fiber optik infrastruktur layihəsinin icrası barədə danışılıb.
“Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” geniş regionda rəqəmsallaşma və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Layihənin Dubay Expo-da təqdimatı və rəqəmsal dəhlizin yaradılması istiqamətində aparılan faydalı müzakirələr bir daha layihəmizə beynəlxalq və regional tərəfdaşların ciddi marağını göstərdi. İnanırıq ki, layihənin icrası ölkəmizin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə də töhfə verəcək”, - deyə AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev qeyd edib.
Həmçinin, NEQSOL Holding və AzerTelecom şirkətinin baş tərəfdaşlığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Dubay Expo 2020” sərgisinin Azərbaycan Pavilyonunda kiçik və orta biznes (KOB) üzrə Forum da keçirilib. “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirdə KOB-lar üçün imkanlar haqqında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunmuş panel müzakirələrində AzerTelecom şirkətinin nümayəndələri rəqəmsallaşmanın kiçik və orta biznesin inkişafına töhfəsi barədə də çıxış ediblər.
“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda qabaqcıl xidmətlər təqdim edir.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinqin təşəbbüsü ilə AzerTelecom tərəfindən həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri olaraq seçilib.