Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
“Fins.az" xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.
Qərara əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 2403 19 100 1 və 2403 19 900 1 alt yarımmövqeləri üzrə təsnifləşdirilən istehsal məqsədli çəkməli tütünün 31.12.2023-cü il tarixinədək spesifik idxal rüsumlarının tətbiqindən azad ediləcək.
Belə ki, Qərarın qəbul edilməsi ilə yerli tütün emalı sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının alınması proqnozlaşdırılır.