Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə çeklərinin (paylarının) yenidən istifadə olunacağı barədə iddialara aydınlıq gətirib.
ƏMDX-dən bildirilib ki, dövlət özəlləşdirmə payları (çekləri) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılmışdır.
"Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatmış və həmin çeklər tədavüldən çıxarılmışdır.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyildir.
Qeyd olunanlara əsaslanaraq, ƏMDX özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şaiyələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir və vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır. Belə şaiyələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq".
© Trend