BİZNES

22 Mart

Fitch dünyada metalların qiymətlərinin nəzərə çarpacaq dərəcədə artacağını proqnozlaşdırır

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi cari və gələcək illər üçün metalların qiymətlərinin artacağı ilə bağlı proqnozlarını açıqlayıb. Fins.az xəbər verir ki, bu haqda agentliyin yeni hesabatında açıqlama verilir.

Agentlik bildirir ki, London Metal Birjasında (LME) bu il nikelin 1 tonunun spot qiymətini 16 min dollar yox, 20 min dollar səviyyəsində proqnozlaşdırır. 2023-cü il üçün proqnoz bir ton üçün 14 min dollardan 17 min dollara, 2024-cü il üçün isə 14 min dollardan 15 min dollara qaldırılıb. Bununla belə 2025-ci il, həmçinin uzunmüddətli dövrə proqnoz bir ton üçün 15 min dollar səviyyəsində qalıb. “Fitch” yazır ki, qiymətlərin qalxması artan tədarük risklərini əks etdirir, çünki Rusiya ümumi nikel istehsalının təxminən 7%-ni təşkil edir.

“Fitch” növbəti illər üçün sinkin qiyməti ilə bağlı proqnozlarını da artırıb. Belə ki,  cari il üçün bu metalın qiymətinin bir ton üçün 2,9 min dollar deyil, indi  3,5 min dollara, 2023-cü ildə 2,5 min dolardan 2,9 min dollara, 2024-cü il üçün 2,2 min dollardan 2,5 min dollara qədər artacağını proqnozlaşdırıb. 2025-ci il üçün isə agentlik proqnozunu bir ton üçün 2,2 min, uzunmüddətli dövr üçün isə 2,1 min dollar səviyyəsində saxlayıb. Agentlik yazır ki, qiymətlərin artması proqnozları Rusiya ilə bağlı böhran və artan enerji qiymətləri səbəbindən Avropanın metalərimə zavodlarının fəaliyyətinin dayandırılması riskinin artmasını əks etdirir.

Proqnozlara görə, alüminiumun spot qiyməti də bu ilin sonunadək əvvəlki proqnozla müqayisədə  bir ton üçün 2,5 min dollardan 2,95 min dollara qalxacaq. 2023-cü ildə alüminiumun 2,5 min dollara deyil, 2,6 min dollara satılacağı gözlənilir. “Fitch”in məlumatına görə 2024, 2025 və uzunmüddətli dövr üçün proqnozlar isə qiymətlərin eyni səviyyədə qaldığını göstərir: müvafiq olaraq 2,5 min, 2,25 min və 2 min dollar. Agentliyin analitikləri hesab edirlər ki, 2022-2023-cü illərdə alüminiumun qiymətləri üzrə proqnozlardakı artım enerji daşıyıcılarının qiymətlərinin bahalaşdığını əks etdirir və bu da, artıq Avropada istehsalın bəzi azalmalarına səbəb olub.

2022-ci ildə LME-də mis əvvəllər gözlənildiyi kimi 8,5 min deyil, 1 ton üçün 9,5 min dollara başa gələcək. 2023-cü il üçün proqnoz 8 min dollardan 8 min 500 dollara qaldırılıb. 2024-2025-ci illər üçün proqnozlar hər ilə  7,5 min səviyyəsində qalıb, uzunmüddətli proqnoz isə 6,7 min dollardan 7 minə qaldırılıb. Fitch yazır ki, qısamüddətli baxışlar çox aşağı ehtiyatları, balanslaşdırılmış bazarı, cari və gözlənilən tədarüklərin pozulacaqlarını əks etdirir.

Beynəlxalq reytinq agentliyi 2022-2024-cü illər üçün qızılın qiyməti ilə bağlı proqnozlarını açıqlayıb və göstərir ki, bu il əvvəl göstərilən  1 unsiyanın  (31,1034768 qram) qiymətinin 1,6 min dollar proqnozuna qarşı  1,8 min dollara, növbəti ildə 1,4 min dollardan 1,6 min dollara, 2024-cü ildə isə 1,3 min dollardan 1,4 min dollara qədər artacaq. 2025-ci ildə və uzunmüddətli perspektivdə qızılın bir unsiyasının qiymətinin 1,3 min dollar olacağı gözlənilir. Agentlik bildirir ki, qızılın qiyməti ilə bağlı proqnozlardakı artım Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı metalın təhlükəsiz aktiv kimi rolunun artması və inflyasiya təzyiqinin yüksəlməsidir.