İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib.
Belə ki, fevral ayı ərzində 26.194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1% çoxdur.
Nazirlikdən verilən məlumata görə, aylıq göstəricinin 7.587-i (17.02%-i) ilkin, 18.607-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.718-i fərdi yaşayış və bağ evi, 6.293-ü mənzil, 15.302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Ötən ay ərzində 1.302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5,1% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3,6 dəfə artaraq 4.612 olub.
Cari ilin fevral ayı ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
Fevral ayı ərzində 20.948 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir. 2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% artaraq 4.723 olub.