BİZNES

16 Mart

KOBİA qalib olan 13 KOB subyektinin maliyyələşdirilməsinə başlayıb

KOB subyektlərinin qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

“Fins.az”xəbər verir ki, KOBİA-nın təşkilatçılığı ilə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.
İkinci qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 200 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 248 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci qrant müsabiqəsində qalib gəlmiş 15 KOB subyektinin layihəsi isə təqribən 280 min manat məbləğində maliyyələşdirilib.
Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunacaq. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.
Tədbir çərçivəsində həmçinin, birinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub.
Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2021-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2021-ci il - 10 fevral 2022-ci tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.