BİZNES

16 Mart

Azərbaycanda mobil internetin sürəti fevralda azalıb

Bu ilin fevral ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,85 Mbit/s təşkil edib.

"Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici yanvar ayı ilə müqayisədə 0,36% azalıb.

Cari ilin fevralında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,23% azalaraq 9,29 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,91 Mbit/s və 8,54 Mbit/s təşkil edib. Fevral ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 1 pillə geriləyərək 61-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (133,51 Mbit/s), Norveç (118,58 Mbit/s) və Cənubi Koreya (116,51 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin fevral ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 18,87 Mbit/s, çıxış sürəti isə 19,71 Mbit/s təşkil edib. Yanvar ayı ilə müqayisədə giriş sürəti 9,4%, çıxış sürəti isə 7,9% artıb.

Bu ilin fevral ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında (yanvar ayında olduğu kimi) 122-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 197,59 Mbit/s, Sinqapur – 194,07 Mbit/s və Monako – 188,66 Mbit/s olub.

Bu ilin fevralında qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 60,76 Mbit/s və 25,95 Mbit/s təşkil edib.

© APA