İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və Türkiyə Akkreditasiya Agentliyi (TÜRKAK) arasında konsaltinq və təlim üzrə müqavilə imzalanıb.
"Fins.az"xəbər verir ki,əldə olunan razılığa əsasən, akkreditasiya qurumlarına tələbləri müəyyən edən ISO/IEC 17011:2017 beynəlxalq standartının TÜRKAK tərəfindən Azərbaycan Akkreditasiya Mərkəzində tam tətbiq olunması və qurumun texniki potensialının gücləndirilməsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub.
AzAK-ın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması qurumun beynəlxalq akkreditasiya təşkilatlarına həqiqi üzv qismində qəbul edilməsinə və akkreditasiya olunan uyğunluğu qiymətləndirən qurumların qiymətləndirmə nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq. Bununla da, AzAK tərəfindən akkreditasiya olunacaq uyğunluğu qiymətləndirən qurumlar tərəfindən göstərilən xidmətlərin beynəlxalq səviyyəyə çatdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin dəqiqiliyinin artırılması təmin olunacaq.