BİZNES

01 Mart

Antiinhisar xidməti yeni dövlət standartlarının sayını açıqlayıb

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 36 yeni dövlət standartı qəbul edib.

Bunu xidmətin rəhbəri Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yeni dövlət standartlarının sayı 19 olub.

"Yeni dövlət standartlarının qəbul olunması bizə Rusiya, Avropa və digər regionların bazarlarına çıxış imkanlarını artırmağa imkan verdi. Bundan başqa məhsul ixracı üçün 60 745 sertifikat verilib. 2020-ci ildə bu rəqəm 48 906-ya bərabər idi. Bu göstəricinin artımı ölkəmizin ixrac potensialının artdığını göstərir. Həmçinin hesabat dövründə biz 113 strukturu akkreditasiyadan keçirmişik", - deyə o bildirib.

Xidmət rəhbəri qeyd edib ki, Azərbaycanın akkreditasiyası bütün ölkələrdə tanınacaq.