Vergi siyasəti, qanunvericilikdə və inzibatçılıqda aparılacaq islahatlar dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov deyib.Onun sözlərinə görə, vergi siyasəti bir təşviq aləti olaraq işğaldan azad edilən ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə xidmət edir.
"Həmin ərazilərin bərpası iqtisadiyyata sürətli inteqrasiyası dayanıqlı inkişafın təmin olunması üçün iqtisadi və əmək resursları səfərbər edilir. Sahibkarların, özəl sektorun bu ərazilərdə fəaliyyətini təşviq etmək, təşəbbüslərini stimullaşdırmaq, sərmayə yatırımlarının, emal sənayesinə və xidmət infrastrukturuna yönəltmək üçün vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur”, - deyə Ş. Mövsumov qeyd edib.