2022-ci və qarşıdakı dörd il Azərbaycan iqtisadiyyatının yeni strateji inkişaf mərhələsi olacaq və bununla bağlı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"inə uyğun olaraq hazırda ölkənin ortamüddətli sosial-iqtisadi inkişafının prioritetlərini müəyyənləşdirən və tədbirlər planını əhatə edən sənəd hazırlanır.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, növbəti dörd ildə milli iqtisadiyyatın rəqabətliliyinin, innovasiya yönümlüyünün və maliyyə dayanıqlığının gücləndirilməsi, davamlı iqtisadi artımın drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərin reinteqrasiyası hədəflənir.
Nazir qeyd edib ki, iqtisadi artımın dəstəklənməsi, məşğulluğun artırılması və iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılması da hökumətin strateji hədəflərindəndir.