“AZNEFT” İB-nin Baş direktoru Şahmar Hüseynov Caspian Energy Club-un təşkil etdiyi ənənəvi Online B2G Forum-da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə "Fins.az"a Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Şahmar Hüseynov Online B2G Forum iştirakçılarını salamlayaraq “AZNEFT” İB-nin son illər ərzində gördüyü işlər haqqında ətraflı məlumatla paylaşıb
O, bildirib ki, “Qarşımızda duran əsas HƏDƏFLƏR insan kapitalının inkişaf etdirilməsi, təhlükəsiz iş şəraitinin qorunması və təkmilləşdirilməsi, karbon emissiyasının sıfıra salınması, maliyyə imkanlarından səmərəli istifadə - gəlirlərin artırılması, yeni neft-qaz yataqlarının kəşfiyyatı, mövcud yataqların işlənməsinin optimallaşdırılması, quru yataqlarının reabilitasiyası - hasilatının yüksəldilməsi, neft-qaz hasilatının stabil saxlanması, artırılması və beynəlxalq standartlara cavab verən neft-qaz əməliyyatları sistemi qurmaqdır.
“Azneft” İstehsalat birliyinin tərkibində ümumilikdə 15 idarə olmaqla, dənizdə 4, quruda 4 neft-qaz çıxarma, 1 qaz anbarlarının istismarı idarəsi, 1 qaz emalı zavodu və 5 yardımçı idarə mövcuddur. Ümumilikdə, 12 mindən çox insanı əhatə edən kifayət qədər zəhmətkeş kollektivimiz var. Şərəfli neftçi adını daşıyan kollketivimizin hər bir üzvü səylə çalışaraq ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, ötən il “Azneft”İistehsalat Birliyinin əsas fəaliyyət göstəriciləri müsbət tendensiya üzrə davam etmişdir. Belə ki, 2021-ci ildə neft hasilatımız planlaşdırılan hasilatdan 6 %, 2020-ci ilə nəzərən 8 % , 2019-cu ilə nəzərən 4% çox olub. Həmçinin qaz hasilatımız planlaşdırılan hasilatdan 3%, 2020-ci ilə nəzərən 9 %, 2019-cu ilə nəzərən 14% çox olub. Qeyd edim ki, müsbət dinamika bütün NQÇİ və yataqlar üzrə özünü göstərmişdir.”
“AZNEFT” İB-nin Baş direktoru Şahmar Hüseynov bildirib ki, - “Neftlə çirklənmiş və lay suları altında qalmış torpaq sahələrinin təmizlənməsi və abadlıq işlərinin görülməsi davam etdirilir. Bu istiqamətdə ötən il 212 hektardan çox ərazidə mexaniki rekultivasiya və abadlaşdırma işləri aparılıb. Təmizlənmiş torpaqların əksər hissəsi idarə və müəssisələrin daxili imkanları hesabına həyata keçirilib. Ötən 6 ildə ətraf mühitin sağlamlaşdırılması məqsədilə neftlə və lay suları ilə çirklənmədən təmizlənmiş torpaq sahələrində 490 min müxtəlif növ ağac və gül kolu əkilib, bununla da yaşıllıq sahələri əlavə olaraq 73 hektar artırılaraq 215 hektara çatdırılıb.”
Daha sonra Şahmar Hüseynov Online B2G Forum iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
Caspian Energy Club-un sədri açıq və səmimi dialoqa görə Şahmar Hüseynova təşəkkür edib. Telman Əliyev, həmçinin “AZNEFT” İB və Caspian Energy Club arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.