“Brand Award International” beynəlxalq müsabiqəsinin səsvermə müddəti uzadılıb.
Xarici ölkələrdən qoşulan iştirakçıların xahişini nəzərə alaraq, “Brand Award International” beynəlxalq müsabiqəsinin səsvermə müddəti 6 mart saat 00:01-dək uzadılıb.
Bu barədə "Fins.az"a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Xatırladaq ki, bu müsabiqədə dünyanın müxtəlif ölkələrində keçirilən “Brand Award” milli və regional yarışmalarının qalibləri iştirak edirlər.
Telman Əliyev qeyd edib ki, Azərbaycanı bu müsabiqədə milli “Brand Award Azerbaijan” yarışmasında qalib gəlmiş 50 brend təmsil edir.
“Brand Award International” mükafatı ən tanınan 50 beynəlxalq korporativ, məhsul və xidmət brendlərinə təqdim olunacaq. Qalib brendlər müstəqil beynəlxalq platformada keçirilən onlayn səsvermə üsulu ilə müəyyənləşdiriləcək. Respondentlər “www.brandaward.org” saytı üzərindən səs verəcəklər. Səsvermə yanvarın 28-dən martin 6-na kimi keçiriləcək. Qaliblər martın 10-də “Brand Award International” mükafatının onlayn təqdimetmə mərasimində elan ediləcək.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.