"Pandemiyadan sonra bərpa prosesini daha tez həyata keçirmək üçün rəqəmsal texnologiyaların təqdim etdiyi imkanlardan yararlanmalıyıq"
Fins.az xəbər verir ki, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş ilk konfrans keçirilib və tədbirdə sözügedən ölkələrdən və Aİ-dən rəsmi şəxslər, Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal transformasiya məsələsi ilə məşğul olan digər dövlət və özəl maraqlı tərəflər daxil olmaqla, 300-ə yaxın şəxs iştirak edib.
Gürcüstan və Moldova üzrə C1 Bölməsinin yeni rəhbəri və Avropa Komissiyasının DG NEAR direktoratlığı yanında İqtisadi investisiya planının rəhbəri Diana Yablonska iştirakçıları salamlayaraq bu sözləri deyib: "Rəqəmsal transformasiya Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə proqramının əsas elementidir və bərpa, dayanıqlıq və islahatlar üçün əsas prioritetləri dəstəkləyəcək".
Bu həftə keçiriləcək EU4Digital Proqramının Koordinasiya Komitəsinin iclasının açılış tədbiri qismində təşkil olunan bu virtual konfrans pandemiya səbəbindən ictimaiyyətin diqqətinin rəqəmsal texnologiyalara yönəldiyi bir vaxtda baş tutub.
“Bir anlıq rəqəmsal texnologiyalar olmadan bu pandemiya dövründə yaşadığımızı təsəvvür edin ...". Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin keçən il İttifaqın vəziyyətinə dair çıxışında dediyi bu sözləri Avropa Komissiyasının DG NEAR direktor müavini Katarina Maternova konfransın açılış nitqində bildirib və Aİ-nin 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlər çərçivəsində təyin etdiyi rəqəmsal hədəflər haqqında danışıb.
"Pandemiyadan sonra bərpa prosesini daha tez həyata keçirmək üçün rəqəmsal texnologiyaların təqdim etdiyi imkanlardan yararlanmalıyıq", - deyə o, vurğulayıb.
Tədbirin açılışında EY-nin qlobal rəqəmsal və yeni texnologiyalar sahəsində rəhbəri Aleksandr Poneverski "Rəqəmsallaşma erasında limitsiz sürət" mövzusunda çıxış edib. O, 2020-ci ildə Əşyaların interneti sahəsində qlobal lider və eyni adlı kitabın müəllifidir.
Rəqəmsal texnologiyaların inkişafını dördüncü sənaye inqilabı adlandıran Poneverski, son texnoloji dəyişikliklərin sürətini və qarşıda duran çətinlikləri dilə gətirib. “Rəqəmsal transformasiya hazırda baş verir, gələcəyin texnologiyaları bu gün yaradılır və gələcək nəsil - Z nəsli 2030-cu ilə qədər işçi qüvvəsinin 40%-ni təşkil edəcək gələcək müştəri, işçi, menecer və liderdir”.
Ponevierski, yerdəyişməni, bulud texnologiyasını, süni intellekti və Əşyaların internetini, önümüzdəki illəri formalaşdıracaq dörd böyük yeni texnologiya olduğunu qeyd edib və bu texnologiyaların sinerji şəklində necə çalışdığını izah edib.
"Cazibə qüvvəsinə nifrət edə bilərsiniz, ancaq cazibə qüvvəsi buna əhəmiyyət vermir" ifadəsi ilə məşhurlaşan və "dağıdıcı innovasiya" nəzəriyyəsini inkişaf etdirən Amerikalı biznes məsləhətçisi Klayton Kristensendən sitat gətirən Poneverski rəqəmsal transformasiyadan uğurla istifadə etmək üçün "düşüncə tərzini dəyişməyin" vacibliyini və innovativ təşkilatların uğur qazanması üçün doğru qaynaqlara, doğru proseslərə və hər şeydən əvvəl doğru dəyərlərə ehtiyac olduğunu vurğulayıb.