BİZNES

29 Sentyabr

Bu halda təhsil dövrü pensiya stajı kimi hesablanır

Təhsil dövrünün staja əlavə edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlərin sayı çoxdur. Həmin şəxslər təhsil müddəti ilə əlaqədar staj təqdim etdiklərinə baxmayaraq pensiyalarının artmadığını bildirirlər. Bunun bir sıra səbəbləri var. Pensiya əmək haqqına uyğun olaraq hesablandıqda ödənilən pensiya məbləği təhsil stajını tətbiq edib hesablandıqda əldə edilən məbləğdən daha çox olduğu üçün vətəndaşa əmək haqqına əsasən hesablanan pensiya məbləğinin ödənişi davam etdirilir. Belə olan halda, vətəndaşın təhsilə görə staj təqdim etməsinə baxmayaraq, pensiya məbləği dəyişmir.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

Bildirib ki, vətəndaşın 2006-ci ildən 2018-ci ilin iyulun 1-nə qədər müəyyən həcmdə kapitalı və 2006-ci ilə qədər 10 il stajı varsa, deməli həmin vətəndaşa 25 il hədiyyə staj verilib: “Həmin vətəndaş təhsillə bağlı arayış təqdim etdikdə, onun təhsil stajı özünün faktiki mövcud olan əmək stajına əlavə edilir. Yəni, təhsil dövrü stajı 25 illik (hədiyyə) pensiya stajına əlavə edilə bilməz. Belə olan halda, vətəndaşın təhsil dövrü ilə birgə hesablanmış stajı 25 ildən az olarsa, onun pensiya məbləği dəyişmir”.

Departament müdirinin dediyinə görə, vətəndaşın ümumi stajı 25 ildən çox olduğu halda isə onun təhsil müddəti də staj kimi hesablanır: “Belə olan halda, əlbəttə ki, vətəndaşın pensiya məbləği artırılır. Bu, yalnız 2006-cı ilin yanvarın 1-nə qədər əyani təhsil almış vətəndaşlara şamil edilir”.