Bu gün startap şəhadətnaməsinin verilməsi üçün yaradılan Ekspertlər Şurasının 5-ci iclası keçirilib.
Fins.az xəbər verir ki,iclasda startap şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sənəd təqdim edən 6 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 5 quruma startap şəhadətnaməsinin verilməsi tövsiyə edilib.
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək. Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Qeyd edək ki, bu günədək KOBİA tərəfindən 19 sahibkarlıq subyektinə startap şəhadətnaməsi verilib.