Sahibkarlığın İnkişafı Fondu tərəfindən RabitəBank ASC vasitəsilə investisiya layihəsi maliyyələşdirilən “Aqro-İnvest və İstehsalat MMC”-nin Karton fabrikində yeni istehsal xətti istifadəyə verilib.
Fins.az xəbər verir ki,bununla bağlı fabrikdə tədbir keçirilib.
Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov, RabitəBank ASC-nin İdarə Heyəti sədrinin müavini Orxan Gültəkin, Binəqədi Rayon İcra Hakimiyyətinin, biznes dairələrinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində alınan yeni avadanlıqlar hesabına Karton fabrikində istehsalın effektivliyinə nail olunması və istehsal həcminin artırılması planlaşdırılır. Belə ki, yeni avadanlıqlar fabrikdə istehsal olunan qida və qeyri-qida üçün karton qutuların əvvəlkinə nisbətən dəfələrlə artıq sürətlə və daha yüksək keyfiyyətdə hazırlanmasına imkan verəcək. Qeyd etmək lazımdır ki, bu avadanlıqlar Avropa standartlarına (AVRO-2020) cavab verməklə, ay ərzində orta hesabla 6-7 milyon ədəd karton qutu istehsal etmək gücünə malikdir.
Layihənin icrası ilə müxtəlif sahələrdə geniş istifadə olunan və təkrar emalı mümkün olan qablaşdırma məhsullarının ölkəmizdə istehsalının təşkil olunması ilə yanaşı, bu məhsulların idxalı zamanı əvvəllər xaricə ödənilən vəsaitlərin qarşısının alınması imkanı yaranacaq.
Layihə çərçivəsində 40-a yaxın yeni iş yeri yaradılıb.