BİZNES

27 Sentyabr

Universitetlərin Bakıda yerləşməsi Azərbaycan iqtisadiyyatını bir şəhərə toplayır

Təhsilin nisbətən pandemiyanın təsirindən çıxarılması üçün tədrisin əyani formada keçirilməsi qərarı ölkədə bir sıra yeni risklər və çətinliklər üçün çağırışlar formalaşdırır. Ali təhsil müəssisələrinin böyük əksəriyyətinin paytaxtda yerləşməsi əyani tədrisə görə Bakıya yeni köçün başlanğıcına səbəb olur. Regionlarda yerləşən təhsil müəssisələrinin perspektiv imkanlarının aşağı olması seçim üçün yalnız bir şəhər – Bakını tələbələr üçün alternativsiz edir. Regionlardan Bakıya köçən tələbələr istəmədən kirayə mənzil qiymətlərində qiymət artımına, nəqliyyatda sıxlığın yaranmasının əsas səbəbkarına çevrilirlər. Ümumiyyətlə, Azərbaycanın universitet coğrafiyasının paytaxta yüklənməsi bəzi daimi problemlərin əsasını təşkil edir.

Urbanizasiyanı artırır

Hər il Bakıya təhsil ardıyca gələn insanlar nəticə etibarı ilə Bakıda işləməyi seçirlər və bu, müəyyən müddət sonra daimi yaşayışa çevrilir. Yaşayış özü isə sosial təminat və zəruri ehtiyaclarla bağlı digər sahələrə birbaşa təsir edir. Çox az bir hissə (həkim, müəllim) təyinatla iş tapdıqlarından regionlara qayıtmaq məcburiyyəti yaşayırlar.

Mənzil təminatı və kirayə mənzil bazarı

Universitetlərin açılması qərarından sonra Bakıya köçən tələbələr kirayə mənzil bazarında tələb və təklif arasında fərqin bir neçə dəfə artmasına səbəb olurlar. Onlayn kirayə mənzil təklif olunan saytlarda göstərilən qiymətlərə nəzər yetirdikdə pandemiyadan öncə kirayə mənzil bazarında təqribən 300 manata olan evlər hazırda 450-500 manata təklif edilməsi müşahidə edilir. Bundan başqa pandemiyanın təsiri artıq tələbələr üçün mənzil tapmaq imkanlarını digər tərəfdən də məhdudlaşdırıb.Hazırda əyani təhsilin uzun müddət davam edəcəyinə inanmayan kirayəyə ev verənlər 6 aydan başlayan depozitlər tələb edir ki, bu özü tələbin nə qədər yüksək olmasını izah edir. Təhsildən sonra Bakıda daimi yaşamağı seçənlər isə uzunmüddətli də olsa, mənzillərin daimi qiymətində müəyyən söz sahibi olurlar.

Nəqliyyat problemi

Universitet coğrafiyasının Bakının bir neçə rayonunu əhatə etməsi həmin ərazilərdə metro,avtobuslarda sıxlığın yaranmasına, həm də bu yerlərə çıxışı olan mərkəzi yollarda da tıxaclara gətirib çıxardır. Kirayə mənzil qiymətlərilə birbaşa əlaqə kənar yerlərdə - Xırdalan, Sumqayıt, Bakı kəndlərində yaşayan tələbələrin nəqliyyatın şəhərətrafı da sıx işləməsi və pandemiyanın qaydalarının pozuntusuna səbəb ola bilər.

Əlavə edək ki, Bakıya köçən tələbələrin maddi qayğıları artır və regionlardan Bakıya pul köçürmələri məhz bu səbəbdən baş verir. Regionların, xüsusilə kənd yerlərinin iqtisadiyyatları, pul dövretmələri azdır, bu nuns isə orada böhrana gətirib çıxara bilir və beləcə Azərbaycanın iqtisadi bazarı sadəcə Bakıda inkişaf edir.

Müəllif:Fariz Əzimov