Qeyri-sənaye yolu ilə qida məhsullarının istehsalı ilə məşqul olan “ABAD”çılardan biri də Almaz Həşimovadır.
Fins.az xəbər verir ki, o, 1953-cü ildə Füzuli şəhərində anadan olub. Ali təhsillidir, tarixçidir. Ailə əzəldən kənd təsərrüfatı ilə məşqul olduğundan A.Həşimova da universiteti bitirdikdən sonra doğma rayonunda təsərrüfat işləri ilə məşğul olub.
“Birinci Qarabağ müharibəsi başlayandan sonra köçkün kimi indiki yaşadığımız Füzuli rayonu Mahmudlu -2 kəndində məskunlaşdıq. Kənddə yaşadığımız və böyük həyətyanı sahəmiz olduğu üçün bir neçə baş mal-qara aldıq. İlk əvvəl saxladığımız mal-heyvanın südündən, qatığından, yağından yalnız ailəmiz üçün istifadə edirdik. Lakin onların sayı artdıqca alınan məhsullar da artıqlıq edirdi. Fikirləşdik ki, bu məhsulları ailə büdcəmizin xeyrinə istifadə edək. Bu məqsədlə məhsullarımızın artığını yerli bazara çıxartsaq da bu bizi təmin etmirdi. Belə bir vaxtda "ABAD" və onun əhatə etdiyi sahələr haqqında eşitdik və maraqlarımıza uyğun olduğu üçün maraqlanmağa başladıq. Belə qərara gəldik ki, ilk əvvəl ərinmiş yağ istehsalı ilə məşğul olsaq bu bizə daha çox fayda gətirər”.
“ABAD”çımızın dediyinə görə, satışda kimyəvi qarışığı olan və mənşəyi bəlli olmayan müxtəlif markada yağlar var ki, bu da insan orqanizmi üçün çox zərərlidir. Məhsul nə qədər təbii, qatqısız, gözəl, təmiz qoxuya malik olarsa istehlakçılar da bir o qədər razı qalar.
“Biz çalışıb elə yağ istehsal etməliyik ki, bütün alıcılar bizim istehsal edəcəyimiz yağı məmnuniyyətlə alsın, bu da öz növbəsində bizim istehsala daha çox xeyir gətirsin. Yerli bazarda bizim istehsal etdiyimiz təbii yağa olan tələbatı bildiyimiz üçün məhz əridilmiş təbii yağ istehsal etməyə qərar verdik. Bizə bildirdilər ki, "ABAD"a qoşulmaq üçün tələb olunan sənədləşdirilmə işləri aparmalıyıq. Belə ki, yağın əridilməsi üçün ən azından xüsusi avadanlıqla təchiz edilmiş sex qurmaq lazım idi. Beləliklə, sexin binasından başladıq və tələbə uyğun olaraq yığcam bir bina inşa etdik. Bina hazır olandan sonra içinin avadanlıqların tələb olunan səviyyədə alıb binada yerləşdirdik.
Bina və avadanlıqlar hazır olandan sonra "ABAD" mütəxəssisləri, qida texnoloqları əraziyə baxış keçirdi və şərait ilə tanış olduqdan sonra, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən də tələb olunan sənədlər üçün müraciət edildi. Sənədləşmə işləri bitdikdən sonra isə ərinmiş yağ istehsalına tam gücü ilə start verildi.
“İlk əvvəl mən, oğlum və gəlinim bu işlə məşğul olurduq. Hazırda istehsalımız təlabatın çoxluğuna əsasən artdığı üçün əlavə bir nəfəri də işə götürmüşük. Bizim müəssisəyə məhsulumuzu tədarük etmək üçün tələb olunan qədər şüşə qablaşdırması, qapaq, etiketlər, kəndir və s. verildi. İndi biz tələb olunan qədər öz istehsal etdiyimiz məhsulumuzu "ABAD" vasitəsi ilə satışa çıxarırıq və fəaliyyət göstərdiyimiz iki ilə yaxın bir müddətdə sifarişlərimizin sayının artması bazarda bizim məhsula olan tələbatı göstərir”.
Ailə büdcəsi artdıqca “ABAD”çıların marağı və planları da artır. Həşimovlar ailəsi də yaxın bir zamanlar ağartı məhsullarının çeşidni artıramaq, pendir və şor istehsalı ilə də məşğul olmaq fikrindədilər.
Almaz Həşimova gələcək planlardan danışarkən “Hazırda təbii qida məhsullarına olan tələbat və bu sahədə əldə etdiyimiz nailiyyətlər öz istehsal sahəmizi genişləndirmək üçün ailəmiz qarşısında böyük imkanlar açır”.-deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva