BİZNES

21 Sentyabr

Caspian Energy Club üzvlərinin növbədənkənar ümumi toplantısı keçirilib

Caspian Energy Club üzvlərinin növbədənkənar ümumi toplantısı keçirildi.  Ümumi toplantının gündəliyində Azərbaycanın regionlarında Caspian Energy Club-un fəaliyyətinin genişləndirilməsi olub. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Club fəaliyyətini Azərbaycanın bütün bölgələrində genişləndirmək niyyətindədir və bu hədəfə gedən yolda artıq müəyyən nəticələr əldə etmişik. Biz icra hakimiyyəti başçıları ilə görüşlər təşkil etməyə başladıq, “Business Tour” çərçivəsində bu bölgələrdə fəaliyyət göstərən müəssisələr və istehsal prosesi, istehsal olunan məhsullar, eləcə də göstərilən xidmətlərlə tanış olduq. İnvestorların maraqlarını fəal şəkildə dəstəkləməyə və regional sahibkarlara dəstək verməyə davam edəcəyik. Ölkənin ali rəhbərliyinin qarşıya qoyduğu bir nömrəli vəzifə, yerli və xarici sərmayəçilərin bölgələrə cəlb edilməsi, bölgələrdə sahibkarların qarşılaşdıqları problemlərin hərtərəfli monitorinqinin aparılması, habelə icra hakimiyyəti başçılarının fəal iştirakı  və dəstəyi altında sahibkarların təklif və problemlərinin araşdırılmasıdı”,  Telman Əliyev qeyd etdi. 

Telman Əliyev, həmçinin investisiya cəlb etmək imkanlarının öyrənilməsinin və Caspian Energy Club -a üzv olan şirkətlərin Qarabağda aparılan bərpa işlərində iştirakının təşkilinin vacibliyini qeyd etdi.

Daha sonra, iki saat davam edən onlayn tədbirdə, Caspian Energy Club komitələrinin, alt komitələrinin və işçi qruplarının rəhbərləri və üzvləri bir sıra təkliflər səsləndirdilər. Səsləndirilən təkliflər ölkənin ali rəhbərliyinə və hökumətin enerji və iqtisadi blokunu təmsil edən nazirlik və idarə rəhbərlərinə təkliflər paketi şəklində təqdim olunacaq.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.