BİZNES

20 Sentyabr

ƏDV geri al ilə vətəndaşlara geri qaytarılan vəsaitin açıqlandı -MƏBLƏĞ

Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə, 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir.

Qeyd edək ki, “Kapital Bank”ın “BirBank” və ya Azərbaycan Beynəlxalq Bankının “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.

Müəllif:Aynur Qəniyeva