Ölkəmizdə ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb.
Fins.az xəbər verir ki,zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.
Bununla bağlı keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti Lars Lemann, “Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev və “Carlsberg Group”un regional nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin may ayında İqtisadiyyat Nazirliyi və “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabətqabiliyyətliliyinin təmin olunmasına xidmət edəcəkdir. İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır. Bu layihə ölkəmizdə yerli xammala əsaslanan istehsalın inkişafı və yeni iş yerlərinin açılmasında özəl sektorun payının artması istiqamətində mühüm addımdır.