On bir ildən artıq müddətdə təmənnasız olaraq uşaqlara psixoloji və sosial yardım göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yay aylarında da fəaliyyətini davam etdirib. “Azercell Telekom” MMC, UNİCEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşəbbüsü sayəsində fəaliyyət göstərən xidmətin əməkdaşları uşaqların hüquqlarının təminatı, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı müraciət edənlərə dəstək olublar.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə iyul-avqust ayları ərzində 767 zəng daxil olub ki, bunların 454-ü ilkin, 313-ü isə təkrar müraciətlərdir. Müraciət edənlərin əksəriyyəti təhsil (203 zəng) və hüquqi (197 müraciət) məsələlərə aid yardım istəyiblər. 115 nəfərin psixoloji problemlərlə bağlı köməyə ehtiyacı olub. Bundan əlavə, xidmət əməkdaşlarına səhiyyə (75 nəfər), sosial (73 nəfər) və digər (104 nəfər) sahələrə dair də suallar ünvanlanıb.
Son 2 ay ərzində qaynar xəttə daxil olan zənglər əsnasında 268 nəfər yaşının 18-dən az olduğunu bildirib. Onlardan 167-i zəng qızlar, 101-i oğlanlar tərəfindən daxil olub. Amma ümumilikdə müraciət edənlərin əksəriyyəti (477 nəfər) böyüklər olub. Qeyd edək ki, daxil olan zənglərin 22-si anonim olub. Qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 11 ailə ilə görüş təşkil edilib, fərdi və qrup şəklində 33 sosial-psixoloji reabilitasiya işi aparılıb. Qaldırılan problemlərin həllinə nail olmaq üçün aidiyyətli orqanlara 56 məktub ünvanlanıb.
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edənlər müxtəlif vasitələrdən istifadə ediblər. Daha çox xidmətin mobil nömrəsinə zənglər daxil olub. İki ay ərzində AUQX ilə əlaqə saxlayanların 424-ü mobil nömrəyə, 248-i şəhər telefonuna zəng edib. Digərləri isə sosial platforma üzərindən müraciət ediblər.
Bu aylar ərzində AUQX əməkdaşları müxtəlif mövzulara həsr edilmiş beynəlxalq təlimlərdə iştirak ediblər, media orqanlarında müsahibələrlə çıxış ediblər. Eyni zamanda, xidmətin sosial şəbəkə hesablarında uşaqlara qarşı zorakılıq, insan alverinə qarşı mübarizə kimi mövzularda onlayn müzakirələr təşkil olunub. Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, eləcə də ailələrin iştirakı ilə görüş keçirilib. Xidmət əməkdaşları uşaq tərbiyə müəssisəsində yaşayan yeniyetmələr üçün təlim-tədris kurslarında da iştirak ediblər. “Azərbaycan Qaynar Xətt Xidməti”nin fəaliyyəti sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırılıb.
Xatırladaq ki, 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qaynar Xətt Xidməti”nin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.