BİZNES

10 Sentyabr

Azərbaycan iqtisadiyyatına nə qədər investisiya qoyulub-MƏBLƏĞ

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 259,4 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a  verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3% azalıb. İstifadə olunmuş vəsaitin 5 657,0 mln. manatı və ya 68,5%-i məhsul istehsalı sahələrinə, 1 993,0 mln. manatı (24,1%-i) xidmət sahələrinə, 609,4 mln. manatı (7,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 335,0 mln. manatını və ya 64,6%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 514,6 mln. manatı və ya 66,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,0%, büdcə vəsaitləri 20,8%, bank kreditləri 5,7%, əhalinin şəxsi vəsaitləri 6,8%, sair vəsaitlər isə 7,7% təşkil edib.