BİZNES

10 Sentyabr

Azərbaycanla Qazaxıstan arasında memorandum imzalanıb

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi arasında Ticarət əməkdaşlığı barədə memorandum imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov imzalayıblar.

Sultanovun Bakıya səfəri zamanı imzalanan memorandum daxili və xarici ticarətin inkişafı, qeyri-xammal mallarının və xidmətlərin ixracının inkişafı və stimullaşdırılması, ticarət infrastrukturunun təkmilləşdirilməsi, elektron kommersiyanın inkişafı, habelə dövlət və özəl sektor arasında dialoqa yardım kimi sahələrdə təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

Tərəflər arasında baş tutmuş danışıqlar zamanı ticarətdə maneələrin aşkarlanması, onların azaldılması və aradan qaldırılması üçün qarşılıqlı həllərin axtarılması istiqamətində birgə işin aparılması və iki ölkənin müəssisələri arasında qarşılıqlı fəaliyyətin təşviq edilməsi, o cümlədən müəyyən malların ticarətinə yardım göstərilməsi barədə razılıq əldə edilib.

Sultanovun sözlərinə görə, Qazaxıstan yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında tələbat olan metallurgiya və neft-kimya sahələri, qida sənayesi məhsulları üçün tədarükü artırmağa hazırdır.

“Azərbaycan bizim inşaat sənayesi məhsullarına maraq göstərir. Bizdə isə onların qida və neft-kimya sənayesi məhsullarına maraq var”, - deyə qazaxıstanlı nazir əlavə edib.