BİZNES

09 Sentyabr

Dövlət Vergi Xidməti və Gömrük Komitəsindən "Fabrolık Tıkıntı" MMC-də qanun pozuntusu barədə AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üçüncü şəxslər üçün mallar idxal edən "Fabrolık Tıkıntı" MMC-də yoxlaması  həyata keçirilib.

Fins.az xəbər verir ki, birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Bəhlulov Osman İlqar oğlu tərəfindən Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib.

Bildilir ki, bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 06.09.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxlu sayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Qeyd edək ki,  "Fabrolık Tıkıntı" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

Müəllif:Aynur Qəniyeva