Kaspersky mütəxəssisləri balaca azərbaycanlıların daha çox hansı saytlarla maraqlandığını, məktəblilərin internetdə hansı təhdidlərlə üzləşə biləcəyini aydınlaşdırıb, həmçinin onları internetdəki təhlükələrdən necə qorumaq barədə tövsiyələr verib.
Kaspersky-dən Fins.az-a verilən məlumata görə,* 2021 -ci ildə Azərbaycanda uşaqlar müxtəlif proqramlar yükləyə, musiqi dinləyə və film izləyə biləcəkləri saytlara baş çəkirlər (ümumi veb səhifə ziyarətlərinin 52%-i). Eyni zamanda son bir il ərzində bu tip ziyarətlərin sayında hətta artım müşahidə olunub (2020-ci ildə cəmi 42% idi). Bu ilki veb sayt ziyarətlərinin təxminən 22%-i sosial şəbəkələr və çatlar kimi müxtəlif onlayn ünsiyyət platformalarının payına düşür. Bu saytlarda onlayn gəzişmələr də keçən illə müqayisədə 11% artıb. Oyunlar da prioritetdir: bu kateqoriyadan olan saytlar ziyarətlərin sayına görə (bu il və keçən ilin hər birində 12%) ilk üçlüyü tamamlayır. Bundan əlavə, uşaqlar onlayn mağazaları və bazarları (marketplace) da ziyarət etməyi (6%), xəbərləri axtarmağı və oxumağı (5%) da sevirlər. Buna baxmayaraq, bu fəaliyyətlərin bir qismi gənc istifadəçilər üçün təhlükəli ola bilər.
Şirkətin apardığı sorğunun nəticələrinə görə, bir çox məktəbli sosial şəbəkələrdə yeni insanlarla tanış olduğunu və tanımadığı adamlardan dostluq dəvəti aldığını etiraf edir. Bəzən bu cür təkliflər gerçək yaşı məktəb yaşından dəfələrlə fərqli olan insanlardan gəlir. Bir uşaqla intim münasibət qurmaq və ya onu şantaj etmək üçün qurulan “dostluq”-lar ciddi təhlükə mənbəyidir. Bu təhlükənin xüsusi bir adı var – internetdə süni etibar qazanma (internet-grooming). Tanışlıq ən çox uşağın həmyaşıdı tərəfindən çatda, forumda və ya sosial şəbəkədə yaradılır. Şəxsi ünsiyyət qurarkən ("şəxsi"-də) təcavüzkar uşağın güvənini qazanır, görüş təyin etməyə çalışır və ya şəxsi xarakterli fotoşəkillər və ya videolar göndərməyə meylləndirir.
Gerçək dünyada olduğu kimi məktəblilər internetdə də təcavüz və hətta təkib ilə üzləşə bilərlər. Bu fenomenə “kiber qısnama” (cyberbullying) deyilir. O, öz təhlükəsinə görə məktəbdə və ya həyətdəki qısnamalardan geri qalmır, çünki uşaq hər dəfə internetə daxil olduqda, yəni evdə də onun təzahürlərindən əziyyət çəkir.