Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək "KOB Dostu" müvafiq rayonla yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə "KOB Dostu" rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar "KOB Dostu" ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, "KOB Dostu" Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək və xidmətləri yerində göstərəcək: "Hazırda KOBİA-nın ölkənin 26 şəhər və rayonunda 31 "KOB Dostu" fəaliyyət göstərir. "KOB Dostu" lazım gəldikdə, sahibkarları müvafiq qurumlarla əlaqələndirəcək, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək".
O. Məmmədov onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən bir sıra şəhər və kəndlər kimi Tərtər rayonu da Ermənistanın təxribatlarından ziyan çəkib. Dağıntılara və itkilərə baxmayaraq, Tərtər sakinləri böyük əzm nümayiş etdirib. Artıq Vətən müharibəsi zamanı əmlaklarına ziyan dəymiş vətəndaşlara və sahibkarlıq subyektlərinə maddi yardımların ödənilməsinə də başlanılıb.