Ölkədə etibarını itirmiş bir sıra tikinti şirkətləri var ki, payçılar üçün bu problem hələ də həllini tapmır. Gah bir mənzil bir neçə şəxsə satılır, gah vətəndaşın pulu mənimsənilir və yaxud da mülk sahibinin xəbəri olmadan obyekti yerlə yeksan edilir. Eyni problemlə üzləşən daha bir şikayətçi isə Yusifov Mərdan Şirvan oğludur. Belə ki, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 59 ünvanda yerləşən, ümumi sahəsi 90 kvadrat metrdən çox olan obyektin sahibi həmin yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Düz 4 il əvvəl isə ərazidə "Grand Plaza" MMC tərəfindən tikinti işləri başlayıb. Həmin vaxtdan etibarən yeni təmir olunmuş mülk şirkət əməkdaşları tərəfindən hasarlanıb və giriş-çıxışı məhdudlaşdırılıb. Şikayətçi deyir ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, 4 ildir nə mülk geri qaytarılıb, nə də ki, təzminat ödənilib. Bu azmış kimi də bir neçə həftə əvvəl obyekt sahibinin xəbəri olmadan tamamilə dağıdılıb:
“Obyektin kim tərəfindən dağıdıldığını ətrafda yaşayan sakinlərdən öyrəndim. Dedilər ki, bəs obyekt "Grand Plaza" MMC tikinti şirkətinin işçiləri tərəfindən sökülüb.
Elə indi də həmin ərazidə "Grand Plaza" MMC-nin tikinti işləri aparılır və mənə məxsus obyektin də ərazisi həmin şirkətin işçiləri tərəfindən hasara alınıb. Mən bütün adiyyəti qurumlara bununla bağlı məlumat vermişəm. "Grand Plaza" MMC mənim mülkiyyətimdə olan obyekti məlumatım və razılığım olmadan dağıdıb.”
Mərdan Yusifov dağıntıya görə yenidən tikinti şirkətinə müraciət etsə də ona müxtəlif bəhanələr gətirilib. Məsələ ilə bağlı "Grand Plaza" MMC ilə əlaqə saxlasaq da problemə heç bir məsul şəxs aydınlıq gətirmədi.
Obyekt vətəndaşın yeganə qazanc yeri olub və hazırda külli miqdarda, yəni 500. 000 manat civarında maddi ziyan dəyib. Ümid edirik mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda problemin həllinə diqqət ayrılacaq.
Xatırladaq ki, "Grand Plaza" MMC sabiq deputat Əsabil Qasımovundur və vətəndaşları narazı salan şirkət kimi tanınır.
Məsələni diqqətdə saxlayacağıq.