BİZNES

02 Sentyabr

Ləğv prosesində olan şirkətdə - VERGİ YOXLAMASI APARILA BİLƏRMİ?

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi hüquqi şəxslərin reyestrdən çıxarılması qaydalarını tənzimləyir.

Fins.az xəbər verir ki, həmin maddənin müdəalarına əsasən (16.2) Ləğvetmə komissiyası qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Dövlət Vergi Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir:

  • ləğvetmə balansı;
  • qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd;
  • hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;
  • səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Mərkəzi Bankın arayışı.

Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir.

Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Dövlət Vergi Xidmətində saxlanılır, surəti isə Dövlət Vergi Xidməti tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır.

Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Dövlət Vergi Xidməti həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Dövlət Vergi Xidməti 7 gündən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir.

Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır.

Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər fəaliyyət göstərə bilməz.

Qeyd: Qanunun əvvəli redaksiyasında sonuncu vergi yoxlamasının nəticələri barədə məlumatın təqdim edilməsi nəzərdə tutulurdu. Həmin redaksiya 22 noyabr 2013-cü il tarixdə dəyişdirilmişdir. Əvvəlki redaksiyada ərizəyə əlavə edilmiş sənədlər aşağıdakı kimi idi:

16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

16.2.1. ləğvetmə qərarı;

16.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;

16.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi yoxlamasının nəticələri barədə məlumat;

16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli və möhürü;

16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;

16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16. 2. 2 və 16. 2. 3-cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya balansının surəti;

16. 2. 7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.

Ləğv prosesində olan müəssisənin vergi öhdəlikləri və ləğv prosesi dövründə vergi yoxlamaları haqqında Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı kimi qeyd olunmuşdur:

Vergi öhdəlikləri

  • Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 79.1-ci maddəsinə əsasən ləğv edilən müəssisənin vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir.
  • Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası müəssisənin filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir.
  • Ləğv edilən müəssisənin filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə, bu müəssisə ləğv edildikdə isə həmin müəssisənin ləğvetmə komissiyası yerinə yetirir.
  • Məcəllənin 149.4-cü maddəsinə əsasən hüquqi şəxs ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir. Hüquqi şəxs ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
  • Məcəllənin 201.5-ci maddəsinə əsasən müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. Hüquqi şəxs ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.

Vergi yoxlamaları

  • Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlamasının vergi orqanları tərəfindən keçirilə bilən hallardan biri də (38.3.8.) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqdadır.

 

Nəticə etibarilə qanunvericiliyin müddəalarından göründüyü kimi bu mərhələdə vergi öhdəliklərinin yerinə yetirilməsi tələbi olmaqla yanaşı, vergi yoxlamasının keçirilməsi mütləq deyil “keçirilə bilər” ifadəsiylə vergi orqanının qərarına buraxılmışdır. Odur ki, əgər ləğv prosesində olan müəssisənin vergi orqanına müraciəti nəticəsində növbədənkənar vergi yoxlaması başlanmayıbsa ləğv prosesinin yekunlaşdırılması istiqamətində işlərə davam etmək lazımdır.

Ləğv sona çatana qədər Vergi orqanı növbədənkənar vergi yoxlamasının keçirilməsi səlahiyyətini özündə saxlayır.

Müəllif: Hüseyn İsmayılov, Hüquqşünas