İstehsal həcmi 8%, mənfəət 15% artıb...
Danimarkanın qocaman pivə istehsalçısı, hazırda dünya üçüncüsü, Tuborg, Blanco, Carlsberg, Балтика kimi aparıcı brendlərin sahibi Carlsberg cari ilin ilk yarısının nəticələrini açıqlayıb.
Şirkətin rəsmi təqdimatında bildirlir ki, bu ilin ilk 6 ayında Carlsberg 70,3 milyon hektolitr (7 milyard 3 milyon litr) pivə satıb.
Ötən il pandemiya səbəbindən azaln gəlirlər bu ilin birinci yarısında nisbətən bərpa olunub. Carlsberg-in gəliri ilk 6 ayda 31,7 milyard Danimarka kronu (5 milyard dollar) təşkil edib - 9,6% artım. Satışlarda ən çox artım Asiya bazarında baş verib - həcm 20%, gəlirlər 25%, əməliyyat mənfəəti 29% artıb. Daha sonrakı yerlərdə +8,7% gəlirlə Mərkəzi və Şərqi Avropa (xüsusən Baltika və Garage brendlərinin hesabına Rusiya və Ukrayna) və Qərbi Avropa (Danimarka, Polşa, İsveçrə, Fransa) gəlir.
Carlsberg-in xalis mənfəəti hesabat dövründə 3,03 milyard kron (477,6 milyon dollar) təşkil edib. Şirkət cari il üzrə mənfəət proqnozunu yüksəldərək, əməliyyat mənfəətinin 8-11% təşkil edəcəyini bildirib.
Qeyd edək ki, Xırdalan şəhərində yerləşən "Bakı Pivə" ASC "Carlsberg Group" tərəfindən idarə olunur.