Ölkə başçısının 9 avqust tarixli fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə təsdiq edilmişdir.
Fins.az xəbər verir ki,portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını və digər zəruri xidmətlərin göstərilməsini təmin edir.
Portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu sahibkarlıq üçün yeni imkanlar yardır. Portalın fəaliyyətinin “bir pəncərə” prinsipi əsasında təşkili, ondan rahat və əlavə əməliyyatlar aparılmadan istifadə edilməsi ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, “e-KOB evi”inin yaradılması sahibkarların dövlət qurumları ilə intensiv elektron əlaqələrinin qurulması baxımından vacib qərardır.
“E-KOB evi”nin əsas prinsipi həm hökumət və biznes arasındakı münasibətlərin, həm də bizneslərarası münasibətlərin formalaşdırılmasını və genişləndirilməsini əhatə edir. “E-KOB evi” vasitəsilə sahibkarlar dövlət xidmətlərinə elektron formada müraciət edə biləcəklər və portal müraciətin daha sistemli şəkildə həyata keçməsinə imkan verəcək.
“E-KOB evi” Azərbaycanda sahibkarlarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına xüsusi təkan verəcək, elektron xidmətlərin miqyasının və əhatə dairəsinin genişləndirilməsinə və dərinləşməsinə imkan verəcək.