Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması, xüsusən də Türkdilli dövlətlərdəki biznes icması ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti çərçivəsində Qazaxıstan Respublikasında nümayəndəsi vəzifəsinə Zakir Möhvət oğlu Binnətlini təyin edib.
Fins.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi həmçinin Qazaxıstandakı əsas tərəfdaşları, o cümlədən, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatası “Atameken” ilə məhsuldar əməkdaşlığın, oradakı Azərbaycan şirkətlərinin təşkilatlanmasının zərurilliyi kimi fəaliyyətin həyata keçirilməsində də iştirak edəcək.
Qeyd edək ki, Zakir Binnətli 1993-cü ildən etibarən şirkət təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və eyni zamanda, 2001-ci ildən Qazaxstan Respublikasında kiçik bizneslə məşğul olub.O, 2013-2019-cu illərdə “BOSH” şirkətinin Qazaxstan Respublikası üzrə distribyutoru olan “Comtech Kompany Kazakhstan” MMC-nin baş direktoru vəzifəsini icra edib. Z.Binnətli 2020-ci ilin yanvar ayından etibarən Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun (“Aromat MMC”) tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.
Müəllif:Aynur Qəniyeva