İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Şərq tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil olunmuş vebinarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
Fins.az xəbər verir ki,O bildirib ki, Agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir. Belə ki, Agentlik vasitəsilə təmin edilən daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və “Startap” şəhadətnaməsinin verilməsi rəqəmsallaşma ekosistemini dəstəkləyən mühüm mexanizmlərdəndir. KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır. KOB evlərində sahibkarlara vahid məkanda göstərilən xidmətlərin onlayn platformaya keçirilməsi istiqamətində də işlər görülür və bu məqsədlə e-KOB evi portalı yaradılır. Həmçinin, KOB-ların məhsul və xidmətlərini tanıtmaq və onlayn satışına dəstək olmaq məqsədilə onlayn satış platforması hazırlanır. Tədbirdə həmçinin bildirilib ki, bu yaxınlarda İƏİT-nin dəstəyi ilə icrasına start verilən “Azərbaycanda kiçik və orta müəssisələrin rəqəmsallaşdırılmasının təşviqi” layihəsi hökumətin rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində səylərinə töhfə verə bilər.
