2021-ci ilin aprel ayında “ASAN ödəniş” sistemində açılan şəxsi kabinet sayı 500 mini ötərək ümumilikdə 500 418 şəxsi kabinet təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayımlayıb
Məlumata görə, sistemdə şəxsi kabinet yaradan vətəndaş bir sıra üstünlüklər əldə edir:
• Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir;
• Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir;
• Texniki baxış və tərtib edilən protokollar haqqında vətəndaşa pulsuz SMS və email bildirişlər göndərilir;
• Ödəniş tarixçəsi bölməsində zaman aralığı təyin etməklə, bu aralıqda həyata keçirilən ödənişlərlə tanış ola bilir;
• Xüsusi imkanlar bölməsində mütəmadi həyata keçirilən ödənişləri hesaba bağlaya bilir;
• Sürücülər çıxarışlar bölməsində gün ərzində üç dəfə inzibati xətalara dair protokol, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi haqqında inzibati cərimənin mövcud olmaması haqqında sübut əldə edə bilirlər;
• Şikayətlər bölməsində vətəndaş ona tərtib olunan inzibati protokola dair şikayət göndərə bilir;
Qeyd edək ki, hazırda mərkəzi və yerli icra hakimiyyətləri, məhkəmə orqanları, publik hüquqi şəxslər, hüquqi şəxslər, özəl təşkilatlar və ödəniş xidməti təchizatçıları olmaqla “ASAN ödəniş” sisteminə ümumilikdə 300-dən çox qurum inteqrasiya edilib. Bu qurumlar tərəfindən “ASAN ödəniş” sistemində vətəndaşlara inzibati cərimə ödənişləri, rüsum, vergi və gömrük ödənişləri, kommunal ödənişlər, rabitə ödənişləri, ədliyyə və məhkəmə ödənişləri, kredit və lizinq ödənişləri, sığorta ödənişləri, təhsil ödənişləri, yardım fondları üzrə ödənişlər, internet və kabel TV ödənişləri, həmçinin digər xidmətləri əhatə edən 670-dən çox xidmət göstərilir. Qeyd edək ki, sistemdə qeydiyyatdan keçmədən də ödənişləri həyata keçirmək mümkündür.
“ASAN ödəniş” sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə edilir. Sistem hazırda 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərindən yüklənməsi mümkün olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə vətəndaşlara xidmət göstərir.