BİZNES

06 Aprel

Gömrük Komitəsində yük daşıma şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Bu gün Dövlət Gömrük Komitəsində beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbirdə Azəbraycan və Rusiya arasındakı gömrük-sərhəd keçid məntəqələrindən yük nəqliyyat vasitələrinin sərədkeçmə prosesləri, dövri olaraq yaranan növbələr, Rusiya tərəfdə Azərbaycan daşıyıcı şirkətlərinə qanunvericiliyin tətbiqi zamanı cərimələrin hesablanması, sürücülərin sərhəd-keçid məntəqələrində saxlanılması ilə bağlı məsələlər müzakirə olunub.

 

Qeyd olunub ki, hazırda gömrük-keçid məntəqələrində yenidənqurma işləri aparılır və bu il ərzində daha bir gömrük-keçid məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu da sərhədkeçmə proseslərinin və yük daşımalarının sürətləndirilməsinə şərait yaradacaq.

Görüşdə Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix daşıyıcı şirkətlərin nümayəndələrinin gömrük, nəqliyyat və sərhədkeçmə prosesləri ilə bağlı suallarını cavablandırıb, onları narahat edən məsələlərin araşdırılacağını və mümkün köməyin göstəriləcəyini bildirib.