Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi (SMEDA) arasında əlaqələrin yaradılması müzakirə edilib.
KOBİA-dan Fins.az-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Pakistanın ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq çərçivəsində KOB sahəsində tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOB sahəsində Pakistanın müvafiq qurumları, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi ilə əlaqələrin qurulması, Pakistan KOB-larının Azərbaycanda biznes fəaliyyətinə təşviq olunması, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması diqqət mərkəzindədir. Həmçinin görüşdə ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin Pakistandan olan sahibkarlara yerli KOB-larla əməkdaşlığın qurulması, ölkəmizə investisiya qoyuluşu istiqamətlərində məsləhət, əlaqələndirmə sahələrində dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.
Görüşdə KOBİA və Pakistanın müvafiq qurumu arasında əlaqələrin yaradılmasına və KOB sahəsində əməkdaşlığın inkişafına səfirlik tərəfindən dəstəyin göstəriləcəyi bildirilib.