İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülüb.
Fins.az xəbər verir ki,mükafat müsabiqənin nəticələrinə həsr olunmuş və bütün CRF üzvlərinin iştirak etdiyi videoformatda keçirilən “CRF İnnovasiya Mükafatları Virtual Mərasimi” zamanı Azərbaycan tərəfinə təqdim edilib.
Müsabiqə CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (Mükəmməllik - Excellence) və CRF İnnovasiya Mükafatı (Təqdir - Commendation) üzrə elan edilmişdi. Dekabrın 31-dək davam edən müsabiqədə Dövlət Vergi Xidməti “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə çıxış edib və müsabiqənin nəticələrinə əsasən, “Təqdir” kateqoriyasında qalib gəlib.
CRF İnnovasiya Mükafatları virtual mərasimində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, Dövlət Vergi Xidmətinin rəis müavini Orxan Nəzərli CRF rəhbərliyinə pandemiya dövründə tədbirin təşkili üçün təşəkkürünü bildirərək, layihə ilə bağlı ölkəmizin təcrübəsini bölüşüb. Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal texnologiyalar vasitəsilə qeydiyyat prosedurlarının asanlaşdırılması istiqamətində fəal iş aparır və bir prosedurla sürətli qeydiyyat bu nailiyyətlərdən biridir. O.Nəzərli Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə hərtərəfli və müasir xidmətlər göstərmək üçün yeni layihələr üzərində işləməyə davam edəcəyini vurğulayıb.
Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin rəisi Ələkbər Məmmədov layihə ilə bağlı təqdimatla çıxış edib.
Mərasim zamanı CRF tərəfindən Dövlət Vergi Xidmətinə qalib gəldiyi layihəyə görə - sertifikat və xüsusi lövhə təqdim edilib.
Qeyd edilməlidir ki, CRF-nin “Təqdir” mükafatına Azərbaycanla yanaşı, Sinqapur, Sloveniya, Cənubi Afrika Respublikası və Birləşmiş Krallığın qeydiyyat qurumları da layiq görülüb. Mükəmməllik kateqoriyasında Fici və Şimali Makedoniya Respublikasının qeydiyyat qurumları qalib elan olunub.
Qeyd edək ki, Korporativ Qeydiyyatçılar Forumu (CRF) kommersiya qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması və qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2003-cü ildə Yeni Zelandiyanın Okland şəhərində təsis edilib və hazırda qeydiyyat sahəsində geniş təcrübəyə malik olan Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla üzv ölkələrin qeydiyyatla məşğul olan 60 qurumunu birləşdirir. Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış edilməsi və korporativ biznes qeydiyyatı sistemlərinin hazırkı və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2012-ci ildə CRF-in tam hüquqlu üzvlüyünə qəbul edilib.