BİZNES

31 Mart

İşə gecikməyə görə əmək haqqından tutulma edilə bilərmi ?

Bəzi müəssisələrdə işə gecikərkən və s. bu kimi hallarda əmək və icra intizamını təmin etmək məqsədilə, əmək haqqından tutulmalar ediləcəyi ilə bağlı hədələr edilir və ya həqiqətən bu reallaşdırılır. 

Əmək haqqından tutulmalar ilə bağlı ümumi məlumat vermək məqsədilə bildirmək istərdim ki, əmək haqqından yalnız aşağıdakı tutulmalar edilə bilər:

I. Əmək haqqından aşağıdakı ümumi əsaslarla tutulmaların aparılması:

a) müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; 

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. 

Eyni zamanda, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

II. İntizam tənbehi qismində əmək haqqından tutulma:

Nəhayət, yazının başlığında qeyd edilmiş məsələyə gələk. Müəssisələr işçinin işə gecikməsi və s. bu kimi digər hallarda əmək və icra intizamını təmin etmək məqsədilə, əmək haqqından müəyyən məbləğdə tutulmalar ediləcəyi ilə bağlı işçiyə xəbərdarlıq edirlər. Həqiqətən də, qanunvericiliyə əsasən, intizam tənbehi qismində əmək haqqından tutulma aparıla /cərimə edilə bilər.

Lakin bunun üçün Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin c bəndində müəyyən edilmiş əsas olmalıdır - həmin hal mütləq şəkildə kollektiv müqavilələrdə nəzərdə tutulmalıdır və həmin məbləğ işçinin aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamalıdır.

Yalnız bu halda işə gecikmək və s. digər hər hansı intizam pozuntusu hallarında cərimə qismində yuxarıda qeyd edilmiş intizam tənbehi tətbiq edilə bilər.

Bəs kollektiv müqavilə nədir?

Kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

Əgər müəssisədə kollektiv müqavilə yoxdursa və ya orada bu məsələ nəzərdə tutulmamışdırsa, işçi yuxarıda qeyd edilmiş intizam tənbehinə məruz qala bilməz.

Müəllif: Eldanə Mehdiyeva

             hüquqşunas